"MeydanTV işi" üzrə həbsdə olan 12 jurnalistin məhkəməsi başlanıb. Bu işə Bakı Ağır Cinayətlər Məhkəməsində Aytən Əliyevanın sədrlik etdiyi hakimlər kollegiyası baxır.
Məhkəmənin dekabrın 12-də keçirilən hazırlıq iclasında jurnalistlər və onların vəkilləri vəsatətlər qaldırıblar. Bunların arasında təqsirləndirilən jurnalistlərin ev dustaqlığına buraxılmasından tutmuş, Şüvəlandakı 3 saylı İstintaq Təcridxanasında saxlanılan üç nəfərin Kürdəxanıya – Bakı İstintaq Təcridxanasına köçürülməsinədək müxtəlif məsələlər vardı.
İlkin hazırlıq iclasında məhkəmə önünə çıxarılan jurnalistlər anket bilgiləri və digər məsələlərlə bağlı sualları cavablandırarkən, təqsirsiz olduqlarını, siyasi sifarişlə həbsdə saxlandıqlarını deyiblər.
"Mən İlham Əliyevin korrupsiyasını ifşa etdiyimə görə buradayam. Bura da məhkəmə deyil, ona görə heç bir gözləntim yoxdur", - jurnalist Nurlan Qəhrəmanlının (Libre) sözləridir.
"Potensial siyasi məhbus…"
Fatimə Mövlamlı da peşə fəaliyyətinə görə cəzalandırıldığını vurğulayıb: "Mən qətiyyən peşman deyiləm...". O, məhkəməyə gələn ictimai-siyasi fəallara təşəkkürünü bildirib və onları "potensial siyasi məhbus" adlandırıb. Ölkədəki durumun belə düşünməyə əsas verdiyini də sözlərinə əlavə edib.
Jurnalist Natiq Cavadlı tarixçi alim, Milli Şuranın sədri Cəmil Həsənliyə macal tapıb bu məhkəməyə gəldiyinə görə minnətdarlığını ifadə edib.
Ardından vəkillər hüquqlarını müdafiə etdikləri şəxslərin məhkəmə zalında şüşə kabinədə yox, onların yanında əyləşməsini istəyiblər. Bu barədə vəsatəti əsaslandırarkən bildiriblər ki, müvəkkilləri ilə tez-tez məsləhətləşməli olurlar.
Məhkəmə bu vəsatəti təmin etsə də, hazırlıq iclasında təqsirləndirilən jurnalistlərdən yalnız şüşə kabinədə nəfəs darlığı yaşadığını bildirən Ülviyyə Quliyeva (Əli) kabinədən çıxarılıb və o, vəkilinin yanında əyləşib. Digərləri növbəti məhkəmə iclasından vəkillərinin yanında əyləşəcəklər.
Həbsdəki jurnalistlərin ev dustaqlığına buraxılması barədə vəsatətə gəlincə, vəkil Zibeydə Sadıqova bu haqda ətraflı danışıb. O bildirib ki, MeydanTV-nin redaktoru Aynur Qənbərova (Elgünəş) ölkənin tanınmış jurnalistlərindəndir. Onunla bağlı ictimai rəy də müsbətdir. Ən əsası, A.Elgünəşin sağlamlığında ciddi problemlər var, II qrup əlildir: "Nə ölkədən qaça, nə şahidlərə təsir göstərə bilər. Artıq istintaq başa çatıb".
Digər vəkillər də müvəkkillərinin ev dustaqlığına buraxılmasını istəyiblər. Ancaq jurnalistlərin ev dustaqlığına buraxılmasına "yox" deyilib.
Jurnalist Aytac Əhmədovanın (Tapdıq) vəkili isə müvəkkilinin faktik həyat yoldaşı Kamran Məmmədli ilə rəsmi nikahına imkan verilməməsi ilə bağlı vəsatət qaldırıb. Vəkil bildirib ki, istintaq təcridxanasında saxlanılan jurnalistlərə yalnız ailə üzvləriylə görüşməyə icazə verilir. Aytacın Kamranla rəsmi nikahı olmadığından onların görüşünə imkan yaradılmır. Müdafiəçi rəsmi nikaha icazə verilməsini istəyib. Məhkəmə qərar verib ki, Əhmədovaya Məmmədli ilə görüş məhdudiyyəti aradan qaldırılsın.
A.Elgünəş həbsindən öncə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) onu və yaxın çevrəsini aylarla izlədiyini vurğulayıb. Bunu təsdiqləyən məhkəmə qərarı da var. O, həmin qərarın da cinayət işinə əlavə olunmasını istəyib.
Jurnalistin daha bir vəsatəti də iti "Maks"la bağlı olub: "Mən tək yaşayıram, bircə "Maks" adlı itim var. Bəlkə də, bu dediklərim sizə gülməli görünə bilər. O, mənə övladım qədər əzizdir. Bir ildən çoxdur həbsdəyəm, onunla görüşməyə icazə verilmir. Onunla, heç olmasa, ayda iki dəfə görüşməyə icazə verilməsini istəyirəm...".
Hakim A.Əliyeva deyib ki, bu məsələyə məhkəmə prosesinin gedişində baxılacaq.
Vəkillər təqsirləndirilən 12 nəfərdən doqquzunun Kürdəxanıda, üçününsə Şüvəlandakı istintaq təcridxanasında saxlanıldığını bildiriblər. Onlar təqsirləndirilən şəxslərdən Natiq Cavadlının, Ramin Cəbrayılzadənin (Deko) və Ülvi Tahirovun da Bakı İstintaq Təcridxanasına köçürülməsi barədə vəsatət qaldırıblar. Məhkəmə onların köçürülməsinə razılıq verib.
"MeydanTV işi" üzrə həbsdə olan 12 nəfərin işi məhkəmə baxışına verilib. Məhkəmə baxışı dekabrın 22-nə təyin edilib.
Xatırlatma
MeydanTV-nin əməkdaşları – Aynur Qənbərova (Elgünəş), Aysel Umudova, Natiq Cavadlı, Aytac Əhmədova (Tapdıq), Xəyalə Ağayeva və Ramin Cəbrayılzadə (Deko) 2024-cü il dekabrın 6-dan həbsdədir. Həmin gün onlarla yanaşı, Bakı Jurnalistika Məktəbinin direktor müavini Ülvi Tahirov da həbs olunub.
Bu cinayət işi üzrə fevralda daha üç jurnalist saxlanılıb - Şəmşad Ağayev, Nurlan Qəhrəmanlı (Libre) və Fatimə Mövlamlı.
Mayda jurnalist Ülviyyə Quliyeva (Əli), avqustda fotojurnalist Əhməd Muxtar da MeydanTV ilə bağlı cinayət işi üzrə həbs olunub.
Əvvəl onların hər birinə qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülsə də, istintaqın sonunda daha bir neçə maddə ilə ittihamlar ağırlaşdırılıb. Cinayət Məcəlləsinin 192 (qanunsuz sahibkarlıq), 193-1 (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması), 213 (vergidən yayınma) və başqa maddələrlə əlavə ittihamlar elan olunub. Onlar qaçaqmalçılıq yolu ilə xaricdən valyuta gətirməkdə ittiham olunurlar. Bu maddələrdə 12 ilədək həbs cəzası nəzərdə tutulub.
2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 30-dan çox jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onların arasında "AbzasMedia" və ToplumTV-nin xeyli əməkdaşı da var.
"AbzasMedia işi" üzrə təqsirləndirilən yeddi jurnalistə 9 ildən 7 il 6 aya qədər həbs cəzası verilib. AzadlıqRadiosunun jurnalisti Fərid Mehralızadə də onların arasındadır. O, 9 il azadlıqdan məhrum edilib.
"ToplumTV işi" üzrə məhkəmə davam edir.
Jurnalistlər bu ittihamların heç birini qəbul etmir, prezident də daxil olmaqla, hökumət təmsilçilərinin korrupsiya əməllərini ifşa etdiklərinə, məmur özbaşınalıqlarını ictimailəşdirdiklərinə görə cəzalandırıldıqlarını bildirirlər.
Rəsmilər isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim peşə fəaliyyətinə görə həbs olunmur. İddia edirlər ki, jurnalistlər törətdikləri əmələ görə cinayət məsuliyyətinə cəlb olunublar.